Dəyişim ALQORİTMİ

Anlamaq, istəmək və gerçəkləşdirmək- DƏYİŞİM alqoritmidir.

Anlamaq, istəmək və gerçəkləşdirmək- DƏYİŞİM alqoritmidir. Və bu mərhələlərin hər biri üçün fərqli bacarıqlara ehtiyac var. Daha dəqiq desək, prossesin sturukturunu yaxşı anlamağınız, heç də onu yaxşılaşdırmağı istəyəcəyiniz demək deyil. Güclü istəyinizin olması isə onu dəyişdirə biləcəyiniz mənasını vermir.

Bir çox insan yanlış anlayır, yəni, prosseslə bağlı səbəb-nəticə əlaqələrini yanlış qurur. Məsələn, istədiyi nəticəni ala bilməyən, uğursuzluğa düçar olan biri başına gələnləri yanlış davranışlarla əlaqələndirdiyi halda, digəri bəxtinin olmaması ilə, başqa biri isə insanların etibarlı olmaması, ona vaxtında kömək etməməsi ilə əlaqələndirir. Zəlzələ hadisəsini bir insan yerin tektonik hərəkətləri ilə, başqa biri isə Allahın qəzəbi ilə bağlı olduğunu açıqlaya bilər.

Sadəcə anladığınız prossesləri dəyişdirərsiniz, çünki, anlamaq həm də inanmaqdır. Anlamağımıza və yanlış anlamağımıza təsir edən faktorlar keçmişdə öyrəndiklərimizdir. Bunlar bizim yanlışlarımız və doğrularımızdır. Aldığımız təhsil, tərbiyə və qazandığımız təcrübələr bizə bunları diktə edir: Nələri etmək olar, nələri etmək olmaz, nələr yaxşıdır, nələr pisdir. Yeni anlayışları yalnız köhnələrin fonunda anlaya bilərik. Nəzərə alsaq ki, keçmişdə bir çox yanlış anladıqlarımız var, o zaman məsələ daha da mürəkkəbləşir.

Anlamaq da öz içərisində mərhələli şəkildə baş verir: Bir şeyin mənasını anlamaq, onun sturukturunu anlamaq və prossesin dinamikasını anlamaq. Məsələn, hündürlük qorxusunu biz “fobiya” adlandırırıq. Sturuktura baxdıqda isə əsas iki elementi taparıq: xarici hündürlük görüntüsü və bədənin daxilində həyəcan duyğusu (simptom). Dinamika isə zehni strategiyanı təmsil edir: Əvvəlcə hündürlüyü görürsünüz, sonra bu görüntünü zehniniz əvvəllər qarşılaşdığınız qorxunc təcrübə ilə assosasiya edərək xatırlayırsınız, sonra isə bədəniniz o zamankı həyəcanı təkrar geri çağırır. 

Anlamadan dəyişimə başlamaq, hədəfi görmədən saga-sola atış açmağa bənzəyər. Buna görə də insanların həyat keyfiyyətini yaxşılaşdıran NLP və Koçluq (Life Coaching) təlimlərimizdə iştirakçılarımızın prossesi doğru anlamalarına olduqca həssaslıqla yanaşıram. Sturukturu və prossesi anladıqdan sonra anlama tamamlanır, ancaq bunları anlamağınız heç də hələ onu dəyişdirməyi bacaracağınız demək deyil.

Anlamaq, böyük şəkli görməyi bacarmaqdır. Anlayan insan artıq sturukturu görür və onda dəyişim üçün istək yaranır. Anlayan insan öz zehnində effektiv məna yaradır və bu məna onun hədəfi olur.

Bəzi insanlar prossesi kifayət qədər yaxşı anlasa da, məhdudlaşdırıcı inancları onun dəyişimə olan istəyini söndürür. Ya dəyişimin mümkün olmadığını düşünür, ya mümkün olsa da özünün bacarmayacağını hesab edir, ya da dəyişimin gətirəcəyi mükafata özünü layiq bilmir. Beləliklə, bu insanlar dəyişim üçün lazım olan motivasiya ilə özlərini təmin etməyi bacarmırlar.

Əgər insan dəyişimin mümkün olmadığını düşünürsə, əslində bu heç də dəyişimin mümkün olmaması demək deyil. Bu sadəcə insanın məhdudiyyət yaradan inancının olduğunu göstərir. İnanmadığınız istiqamətdə isə heç bir addım belə atmazsınız. Bu inancı biz NLP və Koçluq (Life Coaching) çalışmalarımızda “ümidsizlik” adlandırırırq. Tələbələrimizdə və xidmət göstərdiyimiz şəxslərdə bu inancı mütləq yoxlayarıq. Əgər insanda ümidsizlik inancı varsa, zehnin ekologiyası təmiz olmaz və dəyişim reallaşmaz. İnancın dəyişilməsi üçün xeyli strategiya yaratmışıq. İnanclar heç də həqiqəti əks etdirmirlər. Ancaq inanclar çox güclüdürlər və insanlar çox zaman onların fərqində olmazlar. İnanclar tamamilə şüurlatı səviyyədə əməliyyat apararlar. İnanclar hər bir addımımızı nəzarət altında saxlayarlar, hər bir işi onların icazəsi ilə edib, hər bir sözü onların icazəsi ilə deyərik. Məhdudlaşdırıcı inancları gücləndirici inanclarla dəyişdirə bilən insanların davranışları, bacarıqları və həyatları dəyişər.

“Yetərsizlik” adlandırdığımız digər məhdudlaşdırıcı inanc isə insanın bacarıqları ilə bağlıdır. İnsanlar nələrisə öyrənə bilməyəcəklərinə, edə bilməyəcəklərinə və yaxud nələrdənsə əl çəkə bilməyəcəklərinə inanarlar. “Mənlik deyil; Artıq yaşım keçib; Adamın gərək qabında olsun; Beynimə girən deyil və s” ifadələrlə dilimizdə yer alan bu inanclar dəyişim istəyini zədələyən, bizi məhdudlaşdıran əsas “zehni terroristlər”, bizimlə arzularımız arasında uçurumlar yaratmaqdadır. Mən hər gün “Bir insan bir şeyi edə bilibsə, bunu hər kəs edə bilər” NLP qanununun həqiqətləri dəyişdirdiyinin şahidi oluram. Bütün insanlar dahidirlər, sadəcə bunu fərqində olmadan yaşarlar.

Dəyişim istəyini azaldan və məhv edən digər bir məhdudlaşdırıcı inanc isə “dəyərsizlik” inancıdır. Bu inanc insanda güclü olarsa insan gözəl şeyləri özünə layiq bilmir. Özünü yüksək vəzifə tutmağa və ya var-dövlətə layiq bilməyən insanlar heç zaman yüksək vəzifə tuta, var-dövlət sahibi ola bilməzlər. Bu inanc insanın limitləri ilə bağlı olduğuna görə, bu inancı dəqiqləşdirib ortaya çıxarmaq daha çox həssaslıq və effektiv ünsiyyət tələb edir. Məntiqi olaraq öz-özünüzə layiq bildiyinizi söyləyə bilərsiniz, ancaq özünüzü aldada da bilərsiniz. Bu inancı müəyyənləşdirmək üçün hisslərinizə diqqət etməyiniz vacibdir. Söylədiyiniz mövzuya bədəniniz etiraz etmirsə, söz “yağ kimi” bədəninizə axırsa, deməli məsələ yoxdur. Yox əgər, “Mən Millət Vəkili olacam” deyirsinizsə və bədəninizin bir yeri bərkiyirsə deməli içinizdə sizə qarşı müqavimət var, yəni məhdudlaşdırıcı bir inancınız var, sadəcə fərqində deyilsiniz. Koçluq (Life Coaching) və NLP çalışmalarında mütləq bu inancları test edirəm və əgər ekoloji təmizlik yoxdursa ilk işim onları ortadan qaldırmaq olur.  İnanc ekologiyasının təmizliyi, daxili konfliktlərin ortadan qaldırılması və daxili vəhdətin təmin olunması deməkdir. Əks halda bir tərəfiniz “elə”, digər tərəfiniz “eləmə” deməyə davam edəcək, siz isə yerinizdə sayacaqsınız.

Bütün məhdudlaşdırıcı inanclar bədəndə hədəfinizə qarşı müqavimət duyğusu yaradarlar və dəyişim istəyini şüuraltı səviyyədə azaldarlar.

Dəyişim üçün dəyişim istəyinin olması vacibdir. Prossesi anlayıb dəyişim istəyi duymayan insan, naviqatoru işləyib benzini olmayan avtomobil kimidir. Sizi hərəkətə keçirəcək gücün və enerjinin kifayət etmədiyi hallarda heç nə etmək istəməzsiniz.

Bəzi insanlar isə anlamaq və istəmək mərhələlərini keçsələr də, dəyişimi yarada bilmirlər. Bu isə onların detallarla baş edə bilmədiyindən irəli gəlir. Ustalıq kiçik şəklə baxa bilməklə başlayır.  Kiçik şəkli görən insan nəyi doğru edib-etmədiyini görür və doğru etmirsə onu dəyişdirir. Bu insanda "olmazsa-olmaz" dediyimiz elastiklik xüsusiyyətidir. Əgər insan səmərəsiz yolları bir-birinin ardıyca kəşf edərək, onları səmərəli yollar tapanadək dəyişdirməyə davam edərsə, istədiyi nəticəni əvvəl-axır əldə edər.

İşlərə ümumi nəzər salanda daha bəsit görünür, təfərrüatına girdikcə prosses mürəkkəbləşir. Ustalıq lazım olan anda detala enib lazimi düzəlişləri edə bilməkdir. Ustalar beyin qarışıqlığını aydınlığa çıxarmağı bacaran şəxslərdir.

Strategiya – müəyyən işləri müəyyən ardıcıllıqla müəyyən zamanlarda etməkdir. Məsələn, bir avtomobili yuyarkən müəyyən işləri görməlisiniz: suyu təzyiqlə vurmalı, şampunlamalı, şüşələri silməli; təkərləri, salonu və mühərriki təmizləməlisiniz. Eyni zamanda müəyyən ardıcıllığı da gözləməyiniz lazımdır. Siz əvvəlcə avtomobilin aşağı hissələrini və təkərləri təmizləyirsinizsə, daha sonra damını yuyursunuzsa, deməli, effektiv strategiya işlətmirsiniz. Çünki, cazibə qüvvəsi var, çirk yuxarıdan aşağı axaraq aşağı hissələri təkrar çirkləndirəcək. Strategiyada zamanlama da çox önəmlidir. Əgər maşını bu gün şampunlayıb, sabah yumaq istəsəniz şampun quruyacaq və köpüklə çıxan tozlar təkrar maşına yapışacaq.

Bir prossesi anlamağınız üçün lazım olan bacarıqlar, onu dəyişdirməyi istəməyinizə kifayət etməz. Prossesi dəyişdirmək istəməyiniz üçün lazım olan bacarıqlar isə, onu dəyişdirməyinizə yetməz. Hər birində fərqli strategiyalardan istifadə edirsiniz. NLP təlimlərində və ya koçluq seanslarında insanların və şirkətlərin doğru strategiya işlədib-işlətmədiklərinə xüsusi diqqət edərəm. Əgər strategiya effektiv deyilsə, müxtəlif texnikalarla yaradıcılığını hərəkətə gətirməsi və yeni strategiya yaratmasını təmin edərəm. İstək kifayət deyilsə, inanclar ekologiyasına və dəyərlər assosasiyasına baxmağımız vacibdir. Sturuktur anlaşılmırsa analitik düşüncəni işə salmağımız lazımdır.

Yuxarıda sadaladıqlarım mürəkkəb prosses kimi görünsə də, əsla çətin deyil. Sadəcə öyrənəcəyiniz bir çox mövzunun olduğunu göstərir. Dəyişimdə ustalaşdıqdan sonra dəyişimin çox asan olduğunu anlayacaqsınız, çünki, prossesləri zehninizdə sadələşdirəcəksiniz.

 

Babək Bayramov

NLP Master Trainer

Master Certified Coach

Sən nəyə hazırsansa, o da sənə hazırdır.Dəyişimə hazırsansa, İndi Başla

Babək Bayramov Koçluğu
DİGƏR KATEQORİYALAR
Oxşar yazılar
Motivasiya & Performans

Dəyişim ALQORİTMİ

Ətraflı